16 Nisan 2013 Salı


“Bakuvi irsinin öyrənilməsi Azərbaycanın tanıdılması üçün mühüm vasitələrdən biridir”

16 April 2013, Tuesday / BƏYLƏR MƏCIDOV,







YUNESKO 2013-cü ili Azərbaycanda Seyid Yəhya Bakuvi ili elan edib. Azərbaycan tarixi və mədəniyyətinin formalaşmasında mühüm yerə sahib olan bu dühanın şəxsiyyətinin və mənsub olduğu Xəlvətiyyə təriqətinin ən önəmli tədqiqatçısı Qafqaz Araşdırmalar İnstitutunun rəhbəri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtımdır.
 
- Mehmet müəllim, təsəvvüf elmi və Azərbaycanda formalaşan ilk sufi məktəblər haqqında qısa məlumat verə bilərsiniz?
- Bütün peyğəmbərlər həm də bir vəlidirlər. Həzrəti Məhəmməd Peyğəbərin (s.ə.s) Allah-Təaladan vəhy vasitəsi ilə aldığı nəbiliklə birgə bir də vəlilik xüsusiyyəti vardır ki, təsəvvüfdə buna “Vəlayəti-Əhmədiyyə” deyilir. Peyğəmbər vəfat etdikdə onların nəbiliyi də həyatı ilə birlikdə sona çatır. Amma vəlayət tərəfi özündən sonra ümmətinin içindən seçilmiş müəyyən şəxslərin vasitəsi ilə davam edir. Həzrəti Məhəmməd (s.ə.s) peyğəmbərdən sonra “Vəlayəti Əhmədiyyə”nin ən böyük və mühüm təmsilçisi İmam həzrəti Əli əfəndimiz qəbul edilir. Sufilər Hz. Peyğəmbərin “mən elmin şəhəriyəm, qapısı isə Əlidir” hədisindəki elm sözündən, təsəvvüf elmi mənasına gələn mərifəti anlamışlardır. Bu elmə Hz. Peyğəmbərdən sonra onun mənəvi varisi olan Hz. Əlinin sahib olduğu inancı ilə sufilik yolunun başını ona bağlamışlar.
Təsəvvüfün Həzrəti Məhəmməd (s.ə.s) və səhabələr dövründəki adı zöhd idi. Axirəti dünyadan daha üstün tutmağa, maddiyyata və dünya malına əhəmiyyət verməməyə zöhd deyilir. Zöhd prinsipinə bağlı olaraq yaşayan şəxslərə də zahid deyilir. Zahidlər daha sonrakı dövrdə sufi adını almağa başladılar. Təsəvvüf tarixçiləri tərəfindən IX-XI əsrləri əhatə edən bu dövrə təsəvvüf dövrü deyilir ki, sufiliyin fəlsəfi bir sistem halına gəlməsi bu dövrdə baş vermişdir. XII əsrdən etibarən təsəvvüf cərəyanları məktəbləşərək sufi təriqətlərini meydana gətirdi. Azərbaycanda təriqət termini səhvən məzhəb yerinə işlədilir. Əslində dini ədəbiyyatda təriqət sözü yalnız təsəvvüfi məktəblər üçün istifadə olunur. Pir sözü də təriqət quran sufi şeyxinə deyilir. Sufi başçılarına şeyx, sufilərə də dərviş və mürid deyilir.
Azərbaycan bölgəsi tarixən İslam təsəvvüfünün ilk formalaşdığı yerlərdən biridir. Həmin əsrdə burada təşəkkül tapmış ilk məktəb Əbun-Nəcib və Əbu Həfs Sührəverdilər tərəfindən sistemləşdirilən Sührəverdiyyə təriqətidir. Burada qeyd etmək lazımdır ki, bəhs edəcəyimiz sufi məktəbləri və bu məktəblərin qurucusu olan sufilər öz dövrlərinin yüksək intellektual sinfinə daxil olmuş seçkin şəxsiyyətlər idilər. Onları adi ruhani və ya dilənçi mistiklər hesab etmək böyük səhvdir. Onların əksəriyyəti cəmiyyətdə böyük hörmət qazanmış, yüksək fəlsəfi və bədii xüsusiyyətə malik əsərlər yazan, dövrün universitetlərində dərs verən professorlardı. Hətta onların xanəgahları elmi, fəlsəfi, ədəbi dərslərin keçildiyi institutlardı. Ömər Sührəverdi bir övliya, sufi olmaqla yanaşı, Abbasi xəlifəsi Nasirin müşaviri, hətta sülh müzakirələri aparan uğurlu bir diplomatik misiya sahibi idi. Mətləbə dönərsək, bu şəxs tərəfindən qurulan Sührəverdiyyə sufi məktəbi müsəlman dünyasında həmin əsrdən etibarən geniş yayıldı. Bu məktəbin davamçıları olan azərbaycanlı sufilər tərəfindən XIII əsrdə Əbhəriyyə, XIV əsrdə Zahidiyyə, Səfəviyyə və Xəlvətiyyə təriqətləri qurulmuşdur. Adını çəkdiyimiz bu təriqətlərin hamısının ilk mürşidi peyğəmbər əfəndimizdən sonra Hz. Əliyə qədər uzanır. Bir sufi şeyxinin-mürşidinin özündən başlayaraq geriyə doğru bir öncəsindən dərs almaqla Hz. Əliyədək uzanan sağlam bir silsiləyə sahib olması zəruridir.
 - Xəlvətiyyə təriqəti nədir? Bu təriqət Azərbaycanda necə formalaşıb?
- Əvvəla, “xəlvət” və “xəlvətilik” sözlərini açıqlayaq. “Xəlvət” sözü Azərbaycan dilində ümumişlək bir sözdür. Amma buradakı mənası bir qədər fərqlidir. Leksik mənası “tənhalıq, yalqızlıq, tək başınalıq” olan bu kəlmə sufi lisanında dərvişlərin təkkə ya da məscid kimi məkanlarda şeyxin izni ilə balaca hücrələrə çəkilərək, daxili saflaşmaya nail olmaq üçün ümumiyyətlə qırx gün müddətində dünyəvi düşüncələrdən tamamən ayrılaraq ibadətlə məşğul olmasıdır. Dərvişlər burada çox az qida qəbul edər, az yatar və vaxtın çoxunu ibadət, zikir və təfəkkürlə keçirərlər. Çilə və ərbəin də adlandırılan bu prinsipin Xəlvətiyyə təriqətində ciddi tətbiqinə riayət edilirdi. Təriqətin qurucusu Pir Ömər, xəlvəti çox sevir və tez-tez xəlvətə çəkilirdi. Buna görə də ona Ömər Xəlvəti, qurduğu təriqətə də Xəlvətiyyə təriqəti deyildi. 
Xəlvətiyyə təriqəti XIV əsrdə Azərbaycanın mənəvi mühitində doğulmuş xüsusi və böyük bir irfani məktəbdir. Xəlvətiyyə sufi təriqətinin şeyxlərinin silsiləsi əvvəl bəhs etdiyimiz kimi, Şihabəddin Sührəverdi və onun əmisi və müəllimi olmuş Əbdülqahir Sührəverdiyə qədər gedib çıxır. Bu iki sufi mütəfəkkir Azərbaycanın Zəncan vilayətindəki Sührəverd kəndindəndirlər. Bağdadda təhsil alıb yetişiblər. Bağdadın məşhur “Nizamiyyə” mədrəsəsində həm tələbəlik, həm də müdərrislik (müəllim) etmişlərdir. Xəlvətiyyə təriqəti Sührəverdiyyə məktəbinin davamı olan Qütbəddin Əbhərinin qurduğu Əbhəriyyə məktəbi azərbaycanlı davamçılar Rüknəddin Sincasi, Şihabəddin Təbrizi və Seyid Cəmaləddin ilə Bağdaddan Təbrizə, oradan da Astaraya gəlmişdir. Bu təriqət Elxanilər dövründə böyük sufi Zahid Gilani vasitəsilə də Lənkərana gəlmişdir. Lənkəranın Şıxakəran kəndindəki təkkədə Səfəviyyə təriqətinin başçısı Şeyx Səfi və Xəlvətiyyə təriqətinin başçısı Pir Ömər Xəlvətinin şeyxi Əxi Məhəmməd Şeyx Zahiddən birgə dərs alırdılar. Bundan sonra Xəlvətiyyənin piri Ömər əmisi Əxi Məhəmməd ilə Xarəzmə gedərək təriqət təlimini ondan aldı və şeyx olaraq yetişdi. Bir müddət Misirdə, Məkkədə, Xoyda və Təbrizdə yaşayan bu şeyx axırda əsl vətəninə - Şirvana qayıdaraq Avaxıl kəndində vəfat etdi.
Pir Ömər Xəlvətinin nisbəsi qaynaqlarda Lahici olaraq da keçir. Ehtimal ki, mənbələrdə bəhs edildiyi kimi, Lahıc tərəflərinə gedərək buradakı meşələrdə xəlvətə çəkilir və ibadətlə məşğul olurmuş.
 - Seyid Yəhya Bakuvi kimdir və onun Xəlvətiyyə təriqətindəki rolu nə olub?
- Xəlvətiyyə təriqəti bir sufi məktəbidir. Təriqət içərisində pirlər və şeyxlər vardır. Pirlər məktəbin qurucularıdır ki, onların sayı bir və ya iki olur. Bəzən olub ki, bir pir bir məktəbi qurub, daha sonra başqa biri onu yenidən şəkilləndirib və ona da ikinci pir deyilib. Bir də bu məktəbin yolunu davam etdirən şeyxlər silsiləsi vardır. Xəlvətiyyə təriqətinin ikinci qurucusu “Piri-sani” deyə məşhur olan Seyid Yəhya Bakuvi Xəlvətiyyə təriqətinin şeyxi Sədrəddinlə XV əsrin əvvəllərində Şamaxıda tanış olmuşdu. Seyid Yəhyanın atası Bəhaəddin Şamaxıda çox hörmətli və zəngin bir adamdı və eyni zamanda Şirvanşahlar dövlətində nəqibül-əşraf vəzifəsində idi. O, oğlunun atasının yolunu davam etdirməsini və mirasına sahib çıxmasını istəyirdi. Amma Seyid Yəhya gördüyü bir röyanın təsiri ilə Xəlvətiyyə şeyxinin yanına gedərək sufiliyi qəbul edir. Seyid Yəhya yuxuda görmüşdü ki, böyüklərin olduğu bir məclisdə peyğəmbər əfəndimiz onunla görüşür və “bu sənin mənəvi atandır, onun yolu mənim yolumdur, ona tabe ol” deyərək onu Şeyx Sədrəddinə təqdim edir. Seyid Yəhya oyanan kimi dərhal Şeyx Sədrəddinin yanına gəlir və mürid olur. Bundan sonra o, mədrəsəyə davam etməklə birlikdə təkkəyə də gələcək, təsəvvüfi elmləri öyrənməyə və yaşamağa başlayacaqdır.
Pir Ömərdən təxminən bir əsr sonra Seyid Yəhya Şirvani Xəlvətiyyə təriqətini yenidən sistemləşdirmiş və dünyada yayılmasında çox böyük rol oynamışdır. Şeyx Sədrəddin vəfat etməmişdən əvvəl müridlərə Seyid Yəhyanı öz yerinə şeyx seçmələrini tövsiyə edir. Amma müridlər yaşca daha böyük və ahıl olan Pirzadəni gənc Seyid Yəhyadan üstün sayaraq onu şeyx seçirlər. Bu səbəbdən Seyid Yəhya Şirvani Şamaxıdan ayrılır, Şirvanşah Xəlilullahın dəvəti ilə Bakıya gəlir. Şeyxin bura gəlişi ilə Bakı Xəlvətiyyə təriqətinin yeni mərkəzinə çevrilir. Əgər bu gün dünyanın bir çox yerlərində Xəlvətiyyə təriqəti davam edirsə, bu Seyid Yəhya Bakuvinin sayəsindədir. (Ardı var)

Hiç yorum yok:

Yorum Gönder