22 Ocak 2013 Salı

EVLİYA ÇELEBİ SEYAHATNAMESİNDE AZERBAYCAN

Azərbaycan tarixi ilə əlaqəli əhəmiyyətli mənbə kitabları arasında yer alan “Evliya Çələbi Səyahətnaməsi”nin yaşadığımız coğrafiyaya aid hissələrinin tam, eyni zamanda ən etibarlı müəllif nüsxəsinə istinad edilərək nəşr edilməsi ehtiyac və lüzumu əlimizdəki bu kitabın ərsəyə gəlməsi düşüncəsinin doğmasına yol açdı. Azərbaycanda “Səyahətnamə” ilə bağlı aparılan işlər və onların “Səyahətnamə”nin Azərbaycana tanıdılması istiqamətindəki xidmətləri böyükdür. Lakin heç biri Evliyanın dörd səfərinin hamısını əhatə etməmişdir. Odur ki, “Səyahətnamə”nin üç cildində bəhs edilən dörd Azərbaycan səfərini və əlavə məlumatları bütövlükdə əhatə etməyə çalışdıq. Evliya Çələbinin 400 illik yubileyi münasibətilə YUNESKO tərəfindən 2011-ci ilin Evliya Çələbi ili elan edilməsi “Səyahətnamə”də yer alan Azərbaycanla əlaqəli hissələrin bir araya gətirilərək müstəqil bir kitab halında nəşrə hazırlanmasında mühüm amil oldu. Beləcə, bir tərəfdən onun xatirəsini yad edərkən digər tərəfdən Azərbaycan elmi üçün önəmli bir qaynaq əsər azərbaycanlı tədqiqatçıların və maraqlıların istifadəsinə verilmiş oldu. Əsərdə Evliya Çələbinin Azərbaycan torpağı (xaki-Azərbaycan) olaraq qeyd etdiyi yerlər günümüzdə tarixi-mədəni ve etnik olaraq Azərbaycan ərazisi qəbul edilən bölgə ilə eynidir. Bu təbirinin əhatə etdiyi tarixi coğrafi ərazi şimali və cənubi Azərbaycanı, Naxçıvan, Ermənistan, Dərbənd və Tiflisə qədər olan yerləri tərkibinə almaqdadır. Azərbaycan ilə yaxın tarixi-mədəni əlaqəsindən dolayı Şərqi Anadolunun şərqindəki bəzi yerlər də əsərə alınmışdır ki, bunun da ən mühüm səbəbi həmin məntəqələrin Evliya Çələbiyə görə Azərbaycan səfərlərinin başlanğıc nöqtələri olmasıdır. Məsələn, səyah birinci səfərinə Ərzurumdan, ikinci səfərinə isə Vandan başladığından “Səyahətnamə”dəki ardıcıllığın pozulmaması və ehtiva etdiyi məlumatların əhəmiyyətinə istinadən bu bölgələr də əsərə daxil edilmişdir. Çalışmamıza mövzu olan məlumatlar, əsasən, II, IV, VII cildlərdə yer almışdır. Ancaq “Səyahətnamə”nin başqa cildlərində olan, Azərbaycanla əlaqədar tarixi hadisələr və şəxsiyyətlər haqqındakı qismləri də əlavə etdik. Bunlardan, əslən Bərdəli olub Səfəvilərin Təbrizi tutması ilə köç edərək Misirdə yerləşən, böyük sufi-şair İbrahim Gülşəni və təriqəti haqqındakı məlumatlar, Evliya Çələbinin dövlətlər tarixini anlatdığı X cilddə yer alan Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətləri ilə əlaqəli hissə və X cilddə Çaldıran savaşından bəhs edilmiş qısa bir hissədir. Bu iş üzərində çalışarkən əksər mənbələri diqqətlə incələdik. “Səyahətnamə”nin əldə etdiyimiz İstanbul Topkapı Sarayı Muzeyi kitabxanasındakı Bağdad köşkü 304, 305 və 308 nömrəli əlyazma nüsxələrini, İqdam mətbəəsinin əski əlifbadakı çap variantlarını, məşhur “Səyahətnamə” araşdırmaçılarından Robert Dankoff və Cavid Baysunun tədqiqatlarını, “Yapı Kredi”, “Üçdal” və “Zuhuri Danışman” yayınevlərinin tam mətin nəşrlərini, eləcə də “Səyahətnamə”dən seçmələr və müntəxəbat şəklində hazırlanmış buraxılışları, bir çox jurnallarda yazılmış məqalələri və yəni tədqiqatları araşdırdıqdan sonra “Səyahətnamə”nin tam mətninin müəllif əlyazması sayılan Topqapı sarayı Bağdad və Rəvan köşkü əlyazmalarını əsas götürərək hazırlamağı qərara aldıq. Eyni zamanda “Yapı Kredi” yayınının təcrübəli mütəxəssis bir qrup tərəfindən, müəllif nüsxəsi əsasında əksiksiz transkript şəklində hazırlanmış “Səyahətnamə” ikinci istinad variantımız oldu. Xüsusən X cildlə əlaqədar hissələr buradan götürüldü. Əlyazma ilə bu nəşri qarşılaşdırarkən çox cüzi də olsa bəzi sözlərin yanlış oxunduğunu müşahidə etdik. Bunlarla yanaşı digər nəşrlərin qarşılıqlı müqayisəsini apardıq. Həmçinin “Səyahətnamə”dəki arxaik sözləri və ləhcə elementlərini aydınlaşdırarkən bir sıra lüğətlərə müraciət etdik. Əlimizdəki bu əsər tənqidi mətn nəşri (edition critique) iddiasından uzaqdır. Ancaq mətndə keçən terminləri açıqlamaqla yanaşı ehtiyac duyulan yerlərdə lazımi izahlar da verməyə çalışmışıq və bu mənada əsərin günümüz oxucusu tərəfindən daha anlaşıqlı bir hal alması istiqamətində müəyyən işlər görülmüşdür. XVII əsrdə yazılmış olan bu əsər, həm ədəbi cəhətdən, həm də dil baxımından zəngindir və oxucunu yormayacaq şəkildə axıcı bir üsluba malikdir. Kitabı hazırlarkən Evliya Çələbinin bu özünəməxsus üslubunu əlimizdən gəldiyi qədər mühafizə etməyə, qorumağa çalışdıq. Bütün bunlarla yanaşı bəzi kiçik məcburi dəyişikliklər etməyi də lazım bildik. Məsələn, Evliya Çələbi qəsəbələr üçün kənd sözündən istifadə etmiş və bunu da “kənd ləfzi bu diyarlarda qəsəbəyə deyərlər” (c.2) deyə qeyd etmişdir. Kitabda “kənd” sözünün keçdiyi yerlərin çoxu “qəsəbə” olaraq dəyişdirilmişdir. Həmçinin bəzi yerlərdə az miqdarda söz tərəfimizdən çıxarıldı. Bunlar hər hansı bir məlumat dəyəri olmayan, ancaq o günki Osmanlı cəmiyyətində qızılbaşlar üçün işlədilən tənqidi xarakterli sözlərdir ki, bunları olduğu kimi saxlamağın faydası olmamaqla yanaşı, bir mənası da yox idi. Bununla belə bu cür sözlər nümunə olaraq bir-iki yerdə saxlanıldı. “Səyahətnamə”nin XVII əsrin tarixi dilinin üslubunu pozmadan, dildəki axıcılığını və əsərin havasını itirmədən günümüz Azərbaycan türkcəsinə uyğunlaşdırılması təxmin ediləcəyi üzrə çətin bir işdir. Bu uyğunlaşdırma prosesində bir çox qayda və əsasın ortaya qoyulması lazım gəlirdi. Buna görə də aşağıda göstərdiyimiz işləri müvafiq qayda və üsullar çərçivəsində tamamlamağa çalışdıq: • Geyim, dəyərli daş, pul vahidi, çəki və uzunluq ölçüləri, savaş vasitə və ləvazimatları, sivil və hərbi qurum, məqam, rütbə, ünvan, ləqəb, məslək, sənətkar və s. kimi isimlərin bir çoxunun bugün birəbir qarşılıqlarını tapmaq mümkün deyildi. Bunlar ya sonnotlar ilə yaxud da əsərin sonuna qoyulacaq bir sözlük ilə açıqlana bilərdi. Bu cür kəlimə sayı, güman etdiyimizdən çox çıxdı. Beləcə, əsərin arxasında sanki ayrıca bir tarixi ifadə və terminlər sözlüyü formalaşdı. Sonnotlarla mətn içinə bu sözlüyü yedirmək isə mətnin axıcılığını itirərdi. Bunun yerinə, lazım olan yerlərdə mötərizə içində qısaca kəlmə qarşılığı verildi, ancaq bu gün yayğın istifadə şəkli varsa, ona üstünlük verildi; • Əlinizdəki əsər bugün hər kəsin anlayacağı Azərbaycan türkcəsi ilə yazılmağa çalışıldı. İfadə və terminlərlə əsərin xüsusiyyəti əsas alınaraq bəzi kəlmələr saxlanıldı. Evliya Çələbinin üslubuna mümkün olduğu qədər sadiq qalındı, cümlə içində bəzi kəlmələrin yerləri belə dəyişdirilmədi. Mətn içində keçən başqasının ağzından verilən söhbətlər və Evliya tərəfindən şivə özəllikləri qorunaraq nəql edilən bölümlər eynən qorundu. Sadələşdirilmiş mətn içində demək olar ki, hər kəlmənin tam qarşılığı verildi. Mətnin anlaşılması üçün bəzən cümlələrdə qısaltmalar, ixtisarlar aparıldı, ancaq bir-iki istisna xaricində qətiyyən məlumatların çıxarılmasına yol verilmədi; • Mətndəki ayə, hədis, ərəbcə və farsca mətnlərin orijinalları və Azərbaycan dilindəki qarşılıqları verildi. Ayə və hədislərin qaynaqları və tərcümələri ibarənin yanında kvadrat mötərizə içində göstərildi; • Yazma nüsxədə Evliya Çələbinin buraxmış olduğu kəlmə, sətir, səhifə boşluqları mətndə … şəklində üç nöqtə ilə göstərildi. Haşiyə və dərkənarlar mətnin içinə yerləşdirildi. Yazılmayan tarixlərdən təsbit etdiklərimiz mətndə kvadrat mötərizə daxilində göstərilərək sonnotda izah verildi; • Yerli adların bugünki bilinən variantları mötərizə içində yanında yazıldı və ya sonnotda izah edilərək verildi. Mətndə “kənd” olaraq keçən yerlərin əksəriyyəti Evliya Çələbinin ifadəsi əsas alınaraq “qəsəbə” sözü ilə əvəz edildi; • Türkcə şeirlər olduğu kimi verildi. Tərəfimizdən edilən tərcümələri isə kvadrat mötərizə daxilində verildi. Tarix çıxarılmış beyt və misraların yanında tarix varsa, miladi tarixə çevrildi; • Əsərdəki hicri tarixlər olduğu kimi verilərkən kvadrat mötərizə içində miladi tarixi də göstərildi. Yanlış olduqları təsbit edilən tarixlərin doğruları sonnotda göstərildi; • Əsərin sonunda, əsərdən asan istifadəni təmin edəcək təfsilatlı qarışıq bir indeks hazırlandı; • Orijinal mətndə boş buraxılan bir kəlməlik yerlər üçün … işarəsi ilə, boş sətir miqdarı isə üç nöqtəli boş sətir ilə göstərildi. Bəzən da mötərizə içində (yazılmadı) ifadəsi ilə göstərildi; • Mətndə tərəfimizdən əlavə edilən yerlərin hamısı kvadrat mötərizə [ ] içində göstərilmişdir; • Əsərə zənginlik qatmaq üçün adı keçən yerlər, şəxslər və digər məlumatlarla əlaqəli ciddi araşdırma aparılaraq minyatür, qravür əski və yeni fotoşəkillər kimi materiallar və rəsim yazıları əlavə edildi. Xüsusən, Evliya Çələbidən təqribən yüz il öncə Matrakçı Nasuh tərəfindən Qanuni Sultan Süleymanın iki İraq səfəri əsnasında çəkdiyi Azərbaycan şəhərlərinə aid minyatürlər bu əsərə əlavə edildi; • Əsərin sonunda qısa və yığcam bir lüğət əlavə edilərək tarixi terminlər açıqlandı, yer və şəxslər haqqında məlumat verildi; • Evliya Çələbinin dörd Azərbaycan səyahətinin ayrı-ayrı xəritələri çıxarılaraq Evliya Çələbinin marşrutu göstərildi;

NEŞRE HAZIRLAYAN: MEHMET RIHTIM
QAFQAZ ARAŞTIRMALARI ENSTİTÜSÜ YAYINLARI
BAKI-2012.


Hiç yorum yok:

Yorum Gönder