29 Haziran 2014 Pazar

UNESCO tərəfindən elan olunmuş "Seyid Yəhya ili - 2013" tədbirlərinə yekun vurulur


Azərbaycanlı böyük sufi mütəfəkkir Seyid Yəhya Bakuvi Şirvaninin vəfatının 550-ci ildönümü münasibətilə 2013-cü il UNESCO tərəfindən mütəfəkkirin əziz xatirəsinə həsr edilmişdi. Bir il boyunca keçirilmiş silsilə tədbirlərə iyun ayının 27-sində saat 16.00-da Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunacaq qapanış mərasimi ilə yekun vurulacaqdır.Qeyd edək ki 2013- il boyunca və cari ilin ilk yarısında bu çərçivədə Respublikada və xaricdə dövlət, ictimai, təhsil qurumları tərəfindən çoxsaylı mədəni-maarifləndirici tədbirlər həyata keçirildi. Bu tədbirlərə Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Araşdırmalar İnstitutu, Gəncliyə Yardım Fondu, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, eləcə də Bakıda və bölgələrdəki bir çox ictimai təşkilatlar, Türkiyədən isə Təhsil Nazirliyi, Kafkasya Universitetlər Birliyi, Əskişəhər Valiliyi, Əskişəhər Kültür Başkənti Agentliyi və digər qurumlar qoşuldular. Ən böyük dəstək isə Türkiyə Cümhuriyyəti Başbakanlık Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı tərəfindən göstərildi. Qafqaz Araşdırmalar İnstitutu, MİRAS İctimai Birliyi və GYF-nin “Böyük türk mütəsəvvifi Seyid Yəhya Bakuvinin Türk dünyası və Balkanlara təsirləri” adlı birgə layihəsi çərçivəsində Seyid Yəhya irsinin tanıtım tədbirləri, nəşrlər həyata keçirildi.Seyid Yəhya ili çərçivəsində qeyd edilən layihə əsasında mütəfəkkirin həyatı, fəaliyyəti və təsirlərindən bəhs edən “Seyid Yəhya Bakuvi”, Anadoludakı izlərini araşdıran “Yahya Şirvaniden Şabanı-Veliye Halvetiyye Sufiliği”, Azərbaycanlı sufi pirlər haqqında “Qırxlar”, alimin Aydınlı ardıcılı şair Dədə Ömər Rövşəni və onun da tələbəsi Bərdəli İbrahim Gülşəni haqqında əsərlər nəşr edildi. Ən böyük xidmət isə heç şübhəsiz, mütəfəkkirin daha öncə yayınlanmış yeganə türkcə əsəri “Şəfaül-əsrar”ın təkrar nəşrindən sonra farsca və ərəbcə 17 nəzm və nəsr əsərinin tərcümə olunaraq nəşr edilməsi oldu ki, bununla Seyid Yəhya irsi bütünlüklə Azərbaycan, eləcə də dünya elminə qazandırıldı. Farsca əsərlərin tərcüməsi AMEA Əlyazmalar İnstitutunun əməkdaşları professor Möhsün Nağısoylu, professor Nəsib Göyüşov, dosent Nəzakət Məmmədli tərəfindən həyata keçirildi və iki cilddə “Risalələr-I, Nəsr əsərlər”, “Risalələr-II, Nəzm əsərlər” adı ilə nəşr edildi. Ümumilikdə nəşr olunan səkkiz əsərə əlavə olaraq “Şəfaül-əsrar” əsəri Türkiyədə ikinci dəfə və Makedoniyada alban dilində çap olundu.Azərbaycan və Türkiyədən başqa Gürcüstanda, Bosniya-Herseqovinada tanıtım tədbirləri həyata keçirildi.MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran, Astara, Cəlilabad, Şəki, Zaqatala, Quba, Ağsu, İsmayıllı, Şamaxı və digər bölgələrdə Seyid Yəhya irsini tanıdıcı seminarlar təşkil olundu, İmage Company-nin təşkilati dəstəyi, Bakuvi irsinin ən əsas tədqiqatçısı Mehmet Rıhtımın iştirakı ilə “Seyid Yəhya dərsləri” adlı 40 ayrı video-dərslər hazırlandı, Seyid Yəhya irsinə dair foto və rəsm sərgiləri keçirildi, internet saytı açıldı.Qeyd edək ki, keçiriləcək yekun tədbirdə görülən işlər barədə ətraflı məlumat veriləcək, əsərlər sərgilənəcəkdir. Heydər Əliyev Fondunun təşəbbüsü, AR UNESCO yanında Daimi Nümayəndəliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən UNESCO-nun Parisdəki baş mənzil qərargahında; Mədəniyyət və Turizm Nazirliyi və AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən Bakıda konfranslar keçirildi. Digər görkəmli tədbir isə Türkiyə və Azərbaycan Təhsil Nazirliklərinin dəstəyi ilə 21-22 noyabr tarixlərində Türkiyədə Əskişəhərdə, 24-25 noyabr tarixlərində Bakıda baş tutan “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” simpoziumu oldu. Simpoziumda Azərbaycan, Türkiyə və müxtəlif ölkələrdən çoxsaylı alimlər iştirak etdilər.

Hiç yorum yok:

Yorum Gönder