22 Ocak 2013 Salı

SEYYİD YAHYA ŞİRVANİ

SEYİD YƏHYA BAKUVİNİN HƏYATI VƏ ƏSƏRLƏRİ

 a. Həyatı Seyid Yəhya Bakuvi XIV əsrin sonlarında Şamaxıda doğulmuşdur. Tam adı, əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Daha çox “Şirvani” və “Bakuvi” nisbəsi ilə məşhur olmuşdur. Şirvani nisbəsi vətəninin Şirvan olması səbəbilədir. Bakuvi deyilməsinin səbəbi isə həyatının ən uzun və ən səmərəli dövrünü Bakıda yaşamış olmasındandır. Seyid Yəhya elmi və təsəvvüfi tərbiyəsini Şamaxıda tamamladı. Ancaq bir şeyx olaraq irfani fəaliyyətini Bakıda davam etdirdi. Vəfatına qədər qırx ildən çox Bakıda göstərdiyi fəaliyyətləri və yetiştirdiyi müridləri sayəsində şöhrəti ətraf bölgələrə yayıldı. Seyid Yəhya sağlam bir şəcərə ilə İmam Musa Kazım soyundan gəlir. Atası Seyid Bəhaəddin, Şirvanşahlar dövlətində Naqibul-Əşraf vəzifəsində işləmişdir. Ata-babalarının hamısı da naqiblər nəslindən olmuşdur. Əhli-beytə mənsub olduğunu şeirlərində “Seyid” təxəllüsündən istifadə etməklə göstərmişdir.
Seyid Yəhya həyatının uşaqlıq və gənclik dövründə, həm fiziki, həm də əxlaqi xüsüsiyyətləri baxımından, başqaları tərəfindən sevilən və təqdir edilən örnək bir insan olmuşdur. Belə ki, qaynaqların hamısı onun bu xüsisiyyətini: “Kamal və camal sahibi idi”, “Fövqəladə zahiri gözəlliyi və qəribə kəmalatı olan, bir bənzəri tapılmaz yaradılışa sahib idi”; “Son dərəcə gözəl və nüfuzedici bir çöhrəsi vardı”; “Qırx gün hücrəsində xəlvətdə qalıb, çölə çıxanda üzünə baxıla bilməyəcək dərəcədə nurani bir parlaqlıq onu görənlərin gözlərini qamaşdırardı”, və s. kimi sözlərlə tərif edirlər. Ona “Cəmaləddin” ləqəbinin verilməsi də bu xüsüsiyyətilə bağlıdır. Seyid Yəhya təkyə təhsili ilə yanaşı mədrəsə təhsili də almışdır. Türk, Fars və Ərəb dilində əsərlər yazmış olması o dövrün ziyalıları üçün bilinməsi zəruri olan bu üç dilə hakim olduğunu göstərir. Bundan başqa, əsərlərindən təfsir, hədis, kəlam və fiqh elmlərini mükəmməl bildiyi məlumdur. Gənclik illərində Şamaxıdan ayrıldığına dair bir məlumat olmadığına görə təhsilini də burada tamamladığını qüman etmək olar. O dövrdə Şirvanşahların paytaxtı Şamaxı, yaxşı təhsil verən mədrəsələrin olduğu əhəmiyyətli bir elm və mədəniyyət mərkəzi olmuşdur. Bakuvi “Şəfa əl-Əsrar” əsərində təhsil müəllimlərindən üçünün adlarını qeyd edir. Bunlar: Şəmsəddin Axsıkəti, Hafizuddin əl-Gərdəri, Mövlanə Tacüddin və Qütbəddin əs-Sərabidir. Bu alimlərin nisbəsindən aydın olur ki, başqa şəhələrdən və uzaq diyarlardan Şamaxıya gələn alimlər burada dərs vermişdirlər. b. Təsəvvüfi həyatı Seyid Yəhya təsəvvüf ilə hələ cavan yaşlarında ikən tanış olmuşdur. Onun uşaqlıq illəri olan XV əsrin əvvəllərində Şamaxı, Xəlvətiyyə təriqətinin mərkəzi hesab olunurdu. Dövrün məşhur Xəlvətiyyə murşidi Şeyx Sədrəddinin təkyəsi burada idi və onun çoxlu müridi vardı. Seyid Yəhyanın Xəlvətiyyə təriqətinə girməsinə bir hadisə səbəb olmuşdur. Bələ ki, onun başına gələn bu hədisə həyatında dönüm nöqtəsi oldu. Cəmaləddin əl-Hulvinin “Ləməzatı-Hulviyyə” adlı əsərində bu hadisə belə rəvayət edilir: Seyid Yəhya bir gün yoldaşları ilə birlikdə çövkən oynayarkən bu əsnada şeyx Sədrəddinin öndə gələn müridi Pirzadə Təqiyyuddin Şirvani sufilərlə birgə oradan keçməkdə idi. Oyun əsnasında Yəhya sufilərin önlərindən keçəcək ikən keçməyib ədəblə onları salamladı və gözlədi. Onun bu hərəkəti pirzadənin xoşuna gəldi və sufilərə, “bu uşaq seyiddir, gəlin dua edək. Allah onu Aləmin seyidi Hz. Muhammədin (s.ə.s.) və Hz. Əliyyül-Mürtəzanın (r.a.) əsrarına layiq eləsin, pak əcdadı kimi vəlayət əhlindən olsun”, − dedi. Xudanın izni ilə dua qəbul olundu. Yəhya o gecə yuxusunda böyük cəddi Hz. Muhammədi (s.ə.s.) gördü. Hz. Peygəmbər ona nəsihətlər etdiqdən sonra şeyx Sədrəddini göstərərək onu mənəvi ata olaraq təyin etdiyini, onun yolunun öz yolu olduğunu, yanına getməyini tövsiyə etdi. Yəhya oyananda dərhal Şeyx Sədrəddinin təkyəsinə vardı. Şeyx onu görəndə “bax gör atan dedikləri şəxsə bənzəyirəmmi?” deyə sual verdi. Bunun cavabında, Seyid Yəhya şeyxin əllərinə qapanıb müridliyə qəbul edilməsini istədi. Yəhyanın atası Seyid Bəhaəddin, bununla oğulunun dünya nemətlərindən və məqamlarından uzaqlaşacağı qorxusu ilə sufiliyə girməsinə əvvəllər şiddətlə qarşı çıxmışdır. Şeyx ilə mübahisə də etmiş, ancaq şeyx Sədrəddin ilə görüşüb söhbət edəndə, ondan təsirlənərək fikrindən yayınmış və o da, şeyxə mürid olmuşdur. Seyid Yəhya uzun illər Şeyx Sədrəddinin dərgahına davam edərək seyri-sülukunu, yəni sufilik təlim və tərbiyyəsini tamamladı. Şeyxinin vəfatının ardınca da Şamaxını tərk edib Bakıya hicrət etdi. Bakıya gəlməsinin səbəbi şeyxinin ölümündən sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtilaf oldu. Belə ki, Şeyx Sədrəddin, ölməzdən əvvəl müridlərini yığıb Seyid Yəhyanı öz yerinə şeyx təyin etdiyini, ona bağlanmalarını tövsiyə etmişsə də, vəfatından sonra şeyxin kürəkəni və baş mürüdi Pirzadə şeyxliyin öz haqqı olduğunu iddia etdi və yaşlı müridlərin də dəstəyi ilə şeyxlik məqamına keçdi. Bunun ardınca da Seyid Yəhya: “təqdiri-ilahi belə imiş” deyərək Şamaxıdan ayrılıb Bakıya gəldi. Seyid Yəhya Bakıya gələndə (təxminən 1420-ci illər) Şirvanşahlar dövlətində Xəlilullah xan hakimiyyətdə idi. Bu zaman ölkə paytaxtı da müvəqqəti olaraq Bakı olmuşdu. Xəlilullah Xanın göstərişi ilə Seyid Yəhya Xəlvətiliyin Bakıdakı ilk xanəgahını öz sarayının yaxınlığında təsis etdi. Qaynaqlar Xəlilullah xanın həmişə ona böyük hörmət və yardım göstərdiyini bildirir. Aralarındakı səmimi münasibətin dərəcəsini göstərənlərdən biri “Kəşful-Qulub” adlı əsərini Xəlilullah xana ithaf etməsidir. Xanəgahın təsisində xanın köməyi, Seyidin qəbri ətrafında onun tərəfindən tikilən məscid, türbə və digər abidələrdən aydın olur. Xəlilullah xan bu yaxınlıq ilə bir tərəfdən Seyid Yəhyanın mənəvi nüfuzundan bəhrələnməklə digər yandan onun əxlaq və mənəviyyat dərslərində iştirak edərək haqqı və ədaləti tövsiyə edən nəsihətlərindən özü də istifadə etmişdir . Seyid Yəhya həyatı boyunca təkyəsində müridlərini yetişdirməklə məşğul olmuş, əxlaqi-fəlsəfi dərslər vermiş və əsərlər qələmə almışdır. Onun həyatı zöhd və mücahidə ilə keçmişdir. O, isti aylarda, azuqəsiz və susuz olaraq səhralara çıxaraq günlərcə qalar, ibadətlə məşğul olardı. Xəlvətə girmək, tənha yerlərdə ibadət və təfəkkür etmək onun dəyişməz adətlərindən idi. Belə ki, o qidalanmasını on beş gündə bir iftar edəcək səviyyəyə endirmişdir. Ömrünün sonlarında dünya işlərindən tamamilə uzaqlaşmış, hətta vəfatından əvvəlki son altı ayda heç qida qəbul etmədiyi rəvayət edilmişdir. Seyid Yəhya, 869/1466-cı ildə Bakıda vəfat etmişdir. Vəfatı Xəlilullah xanın vəfatından doqquz ay sonradır. Özünə uzun ömür üçün dua edənlərə “Siz Xəlilullah xana dua edin. Çünki, mənim ömrüm onunkinə bağlıdır” deyərək vəfatını xəbər vermişdir. Qəbri Bakıda hal-hazırda Şirvanşahlar sarayı müzeyi kompleksi içində olub, günümüzə qədər sağlam gəlib çıxmışdır. c. Təriqət silsiləsi: Təsəvvüf yollarının hamısında son mürşiddən hz. Pеyğəmbərə qədər uzanan bu mənəvi zəncir mövcuddur. Bu zəncirin tariхi baхımdan kamil olması təsəvvüfi fеyz və bərəkətin səhih olaraq davam etməsi üçün çoх önəmlidir. Bir təsəvvüf yolunun sağlamlığının ən böyük dəlili sağlam bir silsiləyə sahib olmasına bağlıdır. Хəlvətilik silsiləsində Hz Peygəmbərdən başlayaraq pir Ömərə qədər gələn iyirmi, piri-sani Seyid Yəhyaya qədər isə iyirmi üç şеyх mövcud olmuşdur: Hz. Muhamməd (s.a.s.) (570/622) Hz. Əli ibn Əbi Talib (r.a.) (v.40/661). Həsən Bəsri (ö. 110/729). Şеyх Həbib ibn Mahmud Əcəmi (ö. 156/772) Şеyхül-kəbir Əbüs-Sülеyman Davud ibn Nəsir Tai (ö. 165/782) Şеyх Fahim Əbülməhfuz Məruf Kərхi (ö. 200/816) Şеyх Əbülhəsən Sərriyüs-Saqati ibn Müqəlləs (ö. 253/867) Sеyidüt-taifətis-sufiyyə Əbülqasım Cünеyd ibn Məhəmməd əl-Bağdadi (ö. 297/910). Şеyх Əbu Əli Əhməd Mümşad Dinavəri (ö. 299/912) Əbu Abdulla Məhəmməd Dinavəri (ö. 370/980) Şеyх Qazı Ömər Vəcihəddin (ö. 530/1136). Şеyх Əbünnəcib Əbdulqahir Sührəvеrdi (ö. 563/1168). Qutbəddin Əbhəri (ö. 622/1225) Rüknəddin Sincasi (ö. 628/1230). Şəhabəddin Məhəmməd Təbrizi (ö.702/1302-1303) Sеyid Cəmaləddin Təbrizi (ö. 660/1259) İbrahim Zahid Gilani (ö. 705/1305-1306) Əхi Məhəmməd Nur əl-Хəlvəti (ö. 750/1378). Əbu Abdulla Siracəddin Ömər (ö.780/1349) Şеyх Fani Əхi Əmrə (Əmrəm, Mirəm). (ö. 812/1409) Şеyх Hacı İzzəddin Хəlvəti (ö.820/1412 ) Şеyх Sədrəddin Хiyavi (ö. 825/1427) Seyid Yəhya əş-Şirvani əl-Bakuvi (ö.869/1466)

Hiç yorum yok:

Yorum Gönder