30 Ocak 2012 Pazartesi

İRFAN DERGİSİ, SANAT ÜZERİNE BİR RÖPORTAJ

http://www.irfandergisi.com/15/20.php

                                                lafza-i Celal derununda Esmaü'l-Hüsna - M.Rıhtım

İncəsənət xadimi, xəttat Dr. Mehmet RIHTIM “İslamın zərifliyini görmək istəyən İslam sənətinə, İslam mədəniyyətinin ortaya qoyduğu sənət əsərlərinə baxmalıdır.”



Mehmet Rıhtım kimdir?

1960-cı ildə Türkiyənin Kayseri şəhərində dünyaya gələn Mehmet Rıhtım Atatürk Universitetinin ilahiyyat fakültəsini bitirmişdir. İlk xəttatlıq dərsini 1982-ci ildə Muzaffer Ecevitdən almışdır. Daha sonra Mehmet Özçaydan nəsx, Prof. Ali Alparslandan təliq və riqa dərsləri almışdır. 1997-ci ildən etibarən Azərbaycanda Qafqaz universitetində müəllim işləyir. Eyni zamanda Qafqaz Araşdırmalar İnstitutunun direktorudur. Azərbaycanın mədəniyyət və təsəvvüf tarixi üzərində tədqiqatlar aparır. “Seyid Yəhya Bakuvi və xəlvətilik”, “İsmayıl Siracəddin Şirvani” adlı iki kitabın müəllifidir. Hal-hazırda tərcümə etdiyi Seyid Yəhya Şirvaninin əsərlərinin və Həmzə Nigarinin həyatı ilə bağlı kitabın nəşri üzərində çalışır. Təzhib sənətkarı olan xanımı Hülya Rıhtımla birlikdə Bakıda “Klassik Türk sənətləri” adı altında üç dəfə sərgi keçirmiş, sərgilənən əsərlərindən ibarət bir kataloq da nəşr etmişlər. İki övladı var.

İrfan: İslam – sənət münasibətlərindən qısaca olaraq bəhs edərdinizmi?


Dr.Mehmet Rıhtım:İslam sənəti sahəsində məşhur olan Titus Burckhart İslam sənətinin zənaət (əl əməyi) ilə hikmətin evliliyindən doğduğunu söyləyir. İslam dini inanc və əxlaq sistemi, fərd və cəmiyyət anlayışı, elm, ibadət və mənəviyyat dünyası ilə zəngin bir aoraya sahibdir. İslam dininin dəyərlərinin təzahürü və onu ən kamil şəkildə ifadə edən xüsus İslam sənətidir. Sənətin mayası gözəllikdir. Gözəllik isə ilahi bir sifətdır. Hz. Peyğəmbərin İslam dinini təbliğ etməsi ilə birlikdə yeni bir cəmiyyət formalaşmağa başlamışdır. İslam sənətinin təşəkkülü də bununla başlamış oldu. Qurandakı cənnət təsvirləri və təfəkkür ayələri, “Qurani-Kərimi səsiniz ilə gözəlləşdirin”, “Allah gözəldir, gözəli sevər” hədislərinin mənasını dərk edən müsəlmanlar yaşadıqları ətraf muhit və məkanı gözəlləşdirmək istəmişlər, gördükləri işlərə estetik ünsürlər əlavə etməyə başlamışlar. İlk inkişaf edən sənətlərdən biri olan xəttatlıq sənəti Quranı gözəl yazmaq səylərindən ortaya çıxmıştır.

İslam sənəti dedikdə müsəlman dünyasında etnik olarak çok fərqli toplumlar tərəfindən İslam dininin təsiri ilə inkişaf edən sənətdən bəhs edə bilərik. Bu sənətdə tövhid inancından qaynaqlanan məna və ruh birliyi müşahidə edilir. Ancaq İsman sənətində üslub və çeşid hər millətin özünəxas fərqlilikləri ilə ortaya çıxmışdır. İslam memarlığına baxdığımız zaman İspaniyadan Suriyaya, Yəməndən Səmərqəndə, İstanbuldan İsfahana müxtəlif üslublarda zəngin memari çeşidlərin şahidi oluruq. Ancaq hamısında ortaq məna birliği müşahidə edirik.

İslam dini hikmət və rəhmət dinidir. Buna görə də İslam sənətində məna, gözəllik və xeyir bütünlüyü vardır. Bugünkü sənət anlayışından fərqli olaraq İslam sənətlərində hikmət prinsipi, gözəllik və fayda bütünlüyü vardır.

İslam sənətində təbiilik vardır. Müsəlman bir sənətçi ruhunda təşəkkül edən mənəvi dünyanı sənət vasitəsilə əks etdirərkən eyni zamanda öz inancını ortaya qoyur. İslam fitrət dini olduğu üçün ortaya çıxan əsər də fitridir. Yəni təbiət ilə, canlı-cansız varlıqlar ilə ünsiyyət halındadır. İslam memarlığına baxdığımız zaman xətlərin çoxunun sivri, dairəvi olduğunu görürük. İslam sənətində təbiətdən ilham ilə alınmış birçok ornamentlər xüsusi bir yorumla işlənir. Məhz buna görə də başqa dinlərə məxsus məbədlərə girdikdə kədər, heyrət və dəhşət hissi keçirdiyimiz halda, İslam memarlığına görə inşa olunmuş tarixi məscidlər insana fərəh, sükunət və xoşbəxtlik hissi verir.

İrfan: Bir sənət əsərini nə cür dəyərləndirmək lazımdır sizcə? Sənətin bizə nə kimi təsirləri var?

Dr.Mehmet Rıhrım:Bir əşyanın sənət əsəri ola bilməsi üçün insan əlindən çıxması lazımdır. İncə işləmələri, bənzərsizlik və gözəllik kimi vəsfləri olmalıdır. (Divarda asılı tablonu göstərir) Bu gördüyünüz sənət əsərini İçəri şəhərdə köhnə xalça və əşya satan bir dükandan aldım. Dəyərsiz əski parçası kimi bir kənara atılmışdı. Üstündəki naxışlar və xətt yazısı diqqətimi çəkdi. Maraqla əlimə götürüb baxdım. Daha öncə belə bir əl işi görməmişdim. Xalı, xalça üzərində xəttatlıq incilərinin şahidi olmuşdum, amma belə bir əl işini ilk dəfə görürdüm. Çox ucuz qiymətə satılan bu əsəri aldım. Bu, müsəlman bir ustanın əl işidir. Üstündəki naxışlar, hilal, məscid, zülfüqar, xət yazıları və s. ilə... yüz il əvvələ aiddir. Müəllifin adı da yazılıb üstündə Kərbəlayi Cabbarzadə. Azerbaycanda yetişmiş bir sənətkarın əməyidir bu tablo. Buna təkəlduz sənəti deyirlər. Şəkidə çox yayğınmış zamanında. Bu isə Bakı təkəlduzudur. Hazırlanmasında işlənən sapların rəngi ilə, üstündə təsvir olunan simvollar Bakıda yaşamış bir sənətkarın haləti- ruhiyyəsini əks etdirir. Bu kimi incilər müzeylərdə qorunub saxlanmalı, təbliğ olunaraq gələcək nəsillərə aşılanmalıdır. Əlimdə imkan olsa bu sənəti yenidən dirçəldər və dünyaya tanıdardım. Çünki bu sənət Azərbaycana məxsusdur.

Bir sənət əsərinə baxmaqdan ziyadə onu oxumaq lazımdır. Çünki sənətkar əmək sərf etdiyi heç bir şeyi təsadüfi naxışlarla bəzəmir. Şüurunda olmasa da keçmişdən gələn ənənəni daşıyır. Bizim ən böyük dərdimiz sənət əsərlərini oxuya bilməmək. Baxırıq, lakin görmürük. Görmək demək, baxdığımız şeydə əks olunan mənaları oxumaqdır. Həqiqi mənada oxumaq. Ona görə də bir insanın hər hansı muzeyi, tarixi abidəni bir dəfə görməsi kifayət etməz. Anlaya bilmək üçün on dəfələrlə görmək lazımdır. Mən Şirvanşahlar divanxanasının tağ qapısını bəlkə yüz dəfə seyr etdim. Hər dəfə yolum ordan düşəndə də dəqiqələrlə seyr edirəm. Mənə böyük həzz verir. Siz də gedib baxın! İslam sənətinin, mimarlığının Bakıdakı ən gözəl təzahürüdür o abidə. Dümdüz daşın necə dilə gəldiyini görün! O zaman əhval-ruhiyyənizin necə dəyişdiyini görəcəksiniz. On dəqiqə seyr edin, xoş əhvalla ayrılarsınız oradan. Bizim ağlımız bir şey anlamasa da ruhumuz anlar. Çünki o sənət əsəri ruhumuzla eyni fıtri kökdən gəlməkdədir.

Süleymaniyyə camesinə ən az 40 dəfə getmişəm. İnanıram ki, bir daha getsəm yenə nə isə fərqli bir şey görəcəyəm, götürəcəyəm. Çünki hər dəfə getdiyimdə memar Sinanın daşa vurduğu möhürü daha yaxından görürəm. İlk dəfə Süleymaniyyəyə getdiyim zaman on beş yaşım vardı. O zaman yadımda çok az şey qalmışdı. Amma indi yazıları, mehrabı, minarəni hər bir naxışı hafizəmdə canlanır, fərqli bir duyğu yaşayıram. Sənətdə bu var. Sənətsiz bir toplum əsla xoşbəxt ola bilməz. Sənətin insan üzərində olan psixoloji təsirləri danılmazdır. Sənət gözəllikdir. Sənətdən məqsəd gözəlliyi ortaya qoymaqdır. Gözəli görməyən, yalnız ətrafdakı çirkinlikləri görən bir insanın çöhrəsi gülümsəyərmi heç? Gündəlik iztirablar səbəbi ilə hər gün küçədə qayğılı, üzüntülü simalar görürük. Bu, ətrafdakı ünsürlərin bizə təsirindən irəli gəlir. Amma hər tərəfdə bir gözəllik görsək simalarımız daha mütəbəssim olar. Sənət də məhz bu gözəllikdir. İslam sənətinin içərisində İslamın təfəkkürü var, təsəvvüf var. İslam sənətinin əşyaya əks etməsi onu bambaşqa hala gətirir. Daş üzərində dərin mənalı izlər qoyur.



İrfan: İslam sənətinin bu qədər mükəmməlliyinə rəğmən durğunluq dövrü yaşamasının səbəblərini nədə görürsnüz?

Dr.Mehmet Rıhtım: XVIII-əsrdən sonra bizdə özümüzdən uzaqlaşma xəstəliyi baş qaldırdı. Qərbləşmənin təsiri ilə ilk öncə miniatür sənətini tərk etdik. Bizimkilər miniatürü xor görməyə başladılar. Halbuki XVI-əsrdə bu sənətə yüksək qiymət verilirdi. Səfəvilər, Osmanlılar və Teymurilər sarayında miniatür sənətkarlarına yüksək qiymət verilirdi. Saray yanında emalatxanalar açılır, görülən işlərə vəsait ayrılırdı. Miniatür sənəti ən zirvə dövrünü XVI-əsrdə Səfəvilər sarayında yaşamışdır. Səfəvilərin ən böyük xidmətlərindən biri də budur ki, İslam sənətlərini zirvəyə çıxarmışlar.

XVII-əsrdən etibarən İslam dünyasında sənətkarlar silsiləsi yavaş-yavaş tənəzzülə uğramağa başladı. XVIII-əsrdə isə Avropa rəsmlərinin təsiri ilə bizimkilər öz rəsmlərimizdən, miniatürdən soyudular. Qərbdə realizmin yüksəldiyi o dönəmlərdə müsəlmanlar öz sənətlərini kiçik görməyə və Avropa sənəti qarşısında heyranlığa qapılmağa başladılar. Avropanın dev boyda tabloları, rəsm və heykəlləri qarşısında bizim miniatür öz gözümüzə çox kiçik görünməyə başladı. Bu da özündən uzaqlaşmanın nəticəsi idi. Sultan Məhəmməd olsa o aldanışa düşməzdi. Qərb rəsmləri qarşısında heyrət etməzdi. Amma Sultan Məhəmməd, onun yetişdiyi mühit olmadığı üçün, İslam sənəti durğunluq yaşadığı üçün öz sənətimizi Qərb sənəti qarşısında zəif görmüşük. Beləliklə bizim miniatür sənətimiz ortadan qalxdı. Lakin bu mərhələdə xəttatlıq sənəti tamamən otadan qalxmadı. Bu sahədə inkişaf davam etdi. Bunun da əsas iki səbəbi var: birinci səbəb, Qərbdə xəttatlıq sənətinin olmayışı, ikinci səbəbsə, miniatürə yönələcək insanların da xəttatlığa meyl etməsidir.

Avropa rəssamlarının İslam miniatüründən yola çıxaraq rəsm sahəsində bəzi yeniliklər ortaya qoyması bizim üçün həm fəxredici, həm də utandırıcı haldır. Biz öz sənətimizə və dəyərlərimizə sahib çıxa bilmədik. Bəlkə də Pikassonun “Ən çox heyran olduğum rəsm, xətt sənətidir” deyə tərif etdiyi xəttatlıq bizim deyil, avropalıların əlində olsaydı bu gün daha da dəyərli olardı!

Əski zamanlarda xəttatların çox yazdığı bir söz vardı, dükanlardan asılardı. “Mərifət iltifata tabedir, müştərisiz mətə’ zayedir” “Bir işin meydana çıxması iltifata tabedir, müştərisi olmayan mal zay olmağa məhkumdur.” Həqiqətən də əvvəlki dövrlərə baxdığımızda saray əyanlarının sənətə qiymət verdiyi zamanlarda sənətin inkişaf etdiyini görürük. Sonrakı dövrlərdə isə sənətkara dəyər verilmədiyindən dolayı sənət tənəzzülə uğramışdır.

Türkiyədə xəttatlıq sənətinə ən böyük zərbəni isə keçən əsrin əvvəllərində olan “Hərf devrimi” vurdu. Bir günün içində yüzlərlə mahir xəttat işsiz qaldı. Çünki yazının dəyəri qalmadı. Sənətkarlar bazarda ticarətlə, əkinçiliklə özlərini bir təhər dolandırmağa başladılar. Artıq sənət əsəri qoyamaz oldular ortaya. Halbuki onların yazdığı bir lövhə bu gün Avropa bazarında üç yüz min, dörd yüz min dollar dəyərindədir. Amma o adamlar aclıqdan səfalət içində sürünürdülər. Bir millətin əlifbasını dəyişmək o millətin mədəniyyətini dəyişməkdir. Dilin, əlifbanın dəyişməsi o deməkdir ki, millət artıq öz keçmişini oxumayacaq. Artıq Nəsimilər, Mövlanalar, Füzulilər bitdi. Şekspir, Qoqol, Dostoyevski dövrü başladı.

O zamanlar eynilə Azərbaycandakı kimi Türkiyədə də kitablar, əlyazmalar yandırıldı. Gözəl xətt nümunələri məhv edildi. Ayasofiya camesində Əli, Osman, Həsən, Hüseyn yazılmış dev tablolar vardı. 8-10 metr hündürlüyü olan bu əsərləri divardan endirirlər, amma qapıdan çıxara bilmədikləri üçün yenidən geri asırlar. Halbuki o yazı Ayasofiyanın yaraşığıdır.

XX-əsrdə İranda yeni bir rəsm sənəti inkişaf etdi. Keçmiş miniatürü davam etdirmək üçün sənətçilər çıxdı ortaya. Onlar miniatür təqlidləri etməyə başladılar. Bir az da Avropa rəsminə bənzədərək İran rəsmi çıxardılar ortaya. Bu da klassik miniatürün xaricinə çıxmış oldu beləcə. Klassik miniatür öz dəyərindən heç nə itirmədi, əksinə bu gün daha da dəyər qazandı.

Xülasə olaraq deyə bilərik ki, hər fikrin, hər ideologiyanın, inanc sisteminin özünə görə bir təzahürü var. İslamın da təzahürü daşa, mərmərə, taxtaya, metala, kitaba, suya əks etmiş və İslam sənətini meydana çıxarmışdır. Dünyanın hər hansı bir yerindən İslam məmləkətinə bir əcnəbi gəldiyi zaman bunun fərqində olardı. Bir zamanlar İslam sənəti hakimdi bizim ölkələrdə. Lakin müasir dövrümüzdə demək olar ki, bu təzahürlər görünmür. Çünki biz müsəlmanlar Qərb mədəniyyətini mənimsəmə dərdindəyik. Hətta bir jurnal, qəzet çıxararkən Amerika, Avropa standartlarına görə çıxarırıq. Təbii ki, bundan qaçmaq da mümkün deyil. Çünki Avropa mədəniyyəti bizə qalib gəldi. Bununsa bir çox səbəbi var ki, saymaqla bitməz.
                                           Sultan III. Murad Tuğrası - Hat: M. Rıhtım, Tezhib: H.Rıhtım

İrfan: Sənət üçün məhdudiyyət varmı? İslamda sənətin hüdudları nədir?

Dr.Mehmet Rıhtım: Sənət hər toplumun vazkeçilməz dəyərlərindən biridir. Dinsiz, dilsiz və adət-ənənəsiz toplum olmadığı kimi sənətsiz toplum da olmaz. Din, dil, ənənə və sənət, bu kimi ünsürlər inkişaf edərək milli kimliyi meydana gətirir. Milli kimlik də bu ortaq dəyərlərin inkişaf edərək cəmiyyət tərəfindən qavranması və qəbul edilməsi ilə mümkün olur. Bir millətin fərdləri estetik dəyərlər üzərində nə qədər ittifaq edərsə milli bünyə də o qədər sağlam olar. Sənət həm millidir, həm beynəlxalq. Diğər millətlərin sənətindən zövq almaq mümkündür. Bu, o sənətin yüksək bir estetik dəyərə sahip olmasına və insanların mədəniyyət səviyyəsinə bağlıdır. İslamın öz dəyərləri ilə ziddiyyət təşkil etmədikcə hər sənət dəyərlidir.

Sənətin də, sənətkarın da bir hüdudu vardır və olmalıdır da. Sənətkar hər şeydən əvvəl öz sənəti ilə toplumun əxlaqi dəyərlərinə sayğılı olmalıdır. Sənətkarın yaradana bənzəmə həvəsində olması yanlış və üzücü haldır. Sənətkarın özünü Allahın daima yenilənən sonsuz və hüdudsuz sənəti qarşısında, sadəcə bir anı və bir kölgəni yaxalamağa çalışan kiçik bir bəndə kimi görməsi, sənətinin də məhdud və nöqsanlı olduğunu anlaması fazilətdir. Dolayısı ilə min bir zəhmətə qatlanaraq yalnız zahiri formasını hazırladığı insan heykəlinin karşısına geçib, “danış” deyən zavallı həykəltəraş, gerçək bir insanın gözünü və ya başka uzvunu yaratmaqdan nə qədər aciz olduğunu anlasa və Allahın hər an milyonlarla canlını və insanı asanlıqla yarattığını düşünsə həqiqi sənət və sənətkarın kim olduğunu anlayacaqdır. Bu da sənətkarın öz təfəkkürü nəticəsində varacağı əsil hüduddur.

Sənətin əxlaqi cəhətdən bir hüdudu var. Əxlaqsızlığa təşviq edən, millətin mənəvi dəyərlərini aşılandırmağa çalışan, ictimai nizamı pozmağa xidmət edən sənət əlbəttə ki, qəbul edilməz. İslamda hər şeyin bir həddi, hüdudu qoyulmuşdur. Dərman belə, həddindən artıq qəbul olunduqda dərd verir. Sənətin də dərman ikən dərd olmaması üçün İslam bu sahədə bir ölçü qoymuşdur. Vasat deyilən orta yol, yəni doğru və faydalı yolu tutmaq əsas olub ifrad və təfridə düşməmək lazımdır. Nihilizm, anarxizm, hedonizm kimi sapmaların sənət adı altında ortaya qoyduğu şeyləri mənimsəmək mümkün deyil.

Təbiidir ki, İslam tarixi boyunca bir sıra dini anlayışlar, cərəyanlar təzahür etmişdir. Bəzi cərəyanlar sənətə daha toleranslı baxmış, bəziləri isə bu mövzuda radikal davranmışdır. Fikri, fəlsəfi, əməli və təsəvvüfi cərəyanları tədqiq edərkən onların çıxdığı təbii və ictimai-siyasi şərtləri də göz önündə tutmaq lazımdır. İbn Xaldunun dəyərləndirməsinə görə sərt iqlim şəraitində meydana çıxan fikri-dini görüşlər daha radikal olur adətən. İqlimi daha çeşidli və mülayim, sosial şərtləri zəngin olan ərazilərdə ortaya çıxan dini və fikri axımlar daha toleranslıdır. Hz. Peyğəmbər (s.ə.s) də bəzi təməl mövzular istisna olmaqla insanları görüşlərində sərbəst buraxmışdır. İslam dini belə bir rəngarəngliyə və müxtəlifliyə əlverişlidir. İslam dünyasındakı bu müxtəliflik və sərbəstlik müxtəlif yerlərdə müxtəlif sənət məktəblərinin təşəkkülünə səbəb olmuşdur. Mimarlıqda Hindistan-Orta Asiya-İran, Şimali Afrika-Əndəlüs, Qafqaz-Yaxın Şərq və Anadolu kimi bölgələri misal verə bilərik.

Sənətin insan mənəviyyatına, yəni psixologiyasına müsbət və ya mənfi təsiri vardır. Buna görə də sənət şəhvəti, şiddəti, bədbinliyi, ümidsizliyi, üsyanı – yəni mənfiliyi təlqin etməməlidir. Canlı rəsmi çəkməyin və heykəltəraşlığın müəyyən mənada məhdudlaşdırılması buna görədir. Bunun da hikmətlərinə, səbəb və nəticələrinə fikir vermək, doğru dəyərləndirmək lazımdır. Rəsm və heykəltəraşlıq yərinə bizim mədəniyətimizdə xəttatlıq, miniatür, təzhib və s. inkişaf etmişdir. Əslində heykəl var, amma insan surətində deyil. Məscidlər, mehrablar, minbərlər, minarələr və bunların üzərindəki işləmələrin hər biri birər heykəldir. Tükənməz məna daşıyan birər abidədir bizim heykəllərimiz.

Ümid edirik ki, Azərbaycan, Türkiyə, bütünlüklə İslam dünyası öz köklərinə sadiq qalaraq yenidən İslam sənətini dirçəldəcək və dünya mədəniyyətinə yeni-yeni töhfələr qazandıracaqdır.


                                                                  Kufi Besmele-M. Rıhtım

İrfan: Azərbaycan demişkən, Azərbaycanda sənət anlayışını ümumi dəyərləndirəcək olsanız nələri qeyd edərdiniz?

Dr.Mehmet Rıhtım: Azərbaycanda tarixən sənət çok inkişaf etmişdir. Bu torpaqlar hər sahədə dəyərli sənətkarlar yetişdirmişdir. Şeir, musiqi, rəsm, memarlıq və bu kimi bir çox sənət sahələri inkişaf etmişdir. Azərbaycan insanında sənətkara böyük hörmət vardır. Azərbaycan xalqının sənətə qarşı qədimdən gələn meyli, fitri istedadı var. Azerbaycanda Sultan Məhəmməddən Mir Əli Təbriziyə, Memar Əcəmidən Üzeyir bəyə, Səttar Bəhlulzadədən Alim Qasımova qədər minlərlə sənət adamı yetişmişdir. Lakin qeyd etməliyik ki, klassik sənətlərimizin bir hissəsi demək olar ki, günümüzə gəlib çatmamış, unudulmuşdur. Keçmişdə milli irsə olan maraq hissi məqsədli şəkildə yox edilmək istənmiş və ya yön dəyişdirməyə çalışılmışdır. Bu, tekce Azərbaycanda deyil, bütün şərq ölkələrində belə olmuşdur. İndi öz milli sənətimizə dönüş üçün mühüm addımlar atmağın vaxtıdır. Rəssamlıq akademiyasında, klassik Azərbaycan sənətləri xəttatlıq, təzhib, miniatür, ebru, çini, cildçilik və bu kimi bölmələrin açılmasının zərurətinə inanıram.

Biz də bu mənada xəttatlıq, miniatür və təzhib sənətinə olan rəğbəti artırmaq üçün Azərbaycanda sərgilər açdıq, bu sənətlərin təbliği üçün çalışdıq. Qeyd edim ki, açdığımız sərgilərin hər biri böyük maraqla qarşılandı. Bu sənətlərə qarşı istək baş qaldırdı və bu sənətləri öyrənənlər oldu. Bizi sevindirəcək irəliləyişlərə şahid olduq.

Hiç yorum yok:

Yorum Gönder